İşğaldan azad edilmiş Ağdam şəhərində 960 şagird yerlik məktəb binası tikilir

İşğaldan azad edilmiş Ağdam şəhərində 1 nömrəli məktəb üçün 960 şagird yerlik binanın tikintisi sürətlə davam etdirilir.

Tikintidə sahə rəisi Samir Pirmətov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məktəbin inşasına ötən ilin dekabrında başlanılıb. İki hektar ərazidə inşa edilən üçmərtəbəli məktəb binası üç blokdan ibarət olacaq. Məktəb binasında 40 sinif otağı, laboratoriya və fənn kabinələri, akt və idman zalları, kitabxana, yeməkxana, muzey, xidməti otaqlar yaradılacaq. Bina istilik, elektrik, havalandırma və müşahidə sistemləri ilə təmin ediləcək. Məktəbin həyətində futbol və basketbol meydançaları, nasosxana, qazanxana, transformator binası, içməli və yanğın su hovuzları, çirkab su anbarı inşa ediləcək.

İşlər yüksək keyfiyyətlə, tikinti normalarına uyğun şəkildə aparılır. Hazırda binanın zirzəmi hissəsində dəmir-konstruksiya, qəlib işləri görülür. Binanın tikintisinin bu ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur.

Ağdam rayonundan olan Xəqani Qurbanov işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etdiyi üçün qürur duyduğunu deyib: “Mən çox sevinirəm ki, torpaqlarımız işğaldan azad edilib. Aparılan tikinti işlərində mən də iştirak edirəm. Ağdamın tikintisində mənim də əməyim var. Bunun üçün qürurluyam”.